TTNDA Əsasnamə

Azərbaycan Respublikası Prezidentinin 
2006-cı il 29 dekabr tarixli, 
511 nömrəli Fərmanı ilə 
təsdiq edilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında 
Əsasnamə

I . Ümumi müddəalar

1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (bundan sonra — Agentlik) ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra — Nazirlik) əmr və göstərişlərini rəhbər tutur.

3. Agentlik öz vəzifələrini yerinə yetirərkən, Nazirliyin tabeliyində olan struktur bölmələri, digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Nazirliyə ayrılmış dövlət büdcə vəsaitləri və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Agentlik Bakı şəhərində yerləşir.

II . Agentliyin fəaliyyət istiqamətləri

7. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edir, bu siyasətin həyata keçirilməsini təmin edir və həmin sahədə dövlət nəzarətini həyata keçirir;

7.2. Nazirliyin digər struktur bölmələri, müvafiq dövlət orqanları ilə birlikdə ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak edir;

7.3. Agentliyin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;

7.4. Agentlik qanunvericiliklə onun səlahiyyətlərinə aid olan digər istiqamətlərdə də fəaliyyət göstərir.

III . Agentliyin vəzifələri

8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. Nazirliyin müvafiq qurumları ilə birlikdə aşağıda göstərilən məsələlərlə bağlı sənədlərin layihələrini işləyib hazırlamaq və Nazirliyə təqdim etmək:

8.1.1. ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və tikintidə təhlükəsizliyin təmin olunması sahəsində dövlət siyasətinin və tənzimləmə mexanizminin formalaşdırılması və həyata keçirilməsi ilə bağlı təklifləri;

8.1.2. tikinti üçün torpaq sahələrinin ayrılması və (və ya) tikintiyə icazə verilməsi, tikintinin memarlıq-planlaşdırma həllinin və mühəndis təminatı üçün texniki şərtlərinin müəyyənləşdirilməsi qaydalarının təhlükəsizlik tələblərinin təmin edilməsi baxımından təkmilləşdirilməsi barədə təkliflərini;

8.1.3. öz səlahiyyətləri daxilində topoqrafik-geodezik, mühəndis-geoloji, layihələndirmə, ekspertiza, o cümlədən dövlət ekspertiza, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, tikinti materiallarının, konstruksiyalarının və avadanlıqlarının tətbiqi, tikinti obyektlərinin istismara qəbulu, tikintidə qiymətqoymanın və dövlət nəzarətinin həyata keçirilməsi üzrə normativ hüquqi aktların layihələrini;

8.1.4. Agentliyin aparatının və tabeliyində olan təşkilatların əsasnamələrinin (nizamnamələrinin) layihələrini;

8.1.5. Agentliyin fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktları;

8.2. digər dövlət orqanları tərəfindən tikinti və tikinti materialları sahəsinə aid normativ hüquqi aktların hazırlanmasında iştirak etmək;

8.3. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Konsepsiyası layihəsinin işlənib hazırlanmasında iştirak etmək;

8.4. fövqəladə halların qarşısının alınmasını və nəticələrinin aradan qaldırılmasını operativ surətdə təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən «Fövqəladə Halların idarə Olunmasının Coğrafi İnformasiya Sisteminin» (GİS) yaradılmasında iştirak etmək;

8.5. ölkə ərazisində potensial təbii və texnogen fəlakət zonalarının müəyyənləşdirilməsində, onların belə hadisələrdən mühafizəsi üçün müdafiə qurğularının yerləşməsinin Baş sxeminin işlənib hazırlanmasında iştirak etmək, bu qurğuların layihələndirilməsini və tikintisini təşkil etmək;

8.6. istismar olunan bina və qurğuların seysmik davamlığının, təbii fəlakətlərə qarşı dayanıqlığının artırılması üzrə zəruri tədbirlər proqramının işlənib hazırlanmasını öz səlahiyyətləri daxilində təşkil etmək və həyata keçirilməsinə nəzarət etmək;

8.7. ərazilərin, binaların və qurğuların təbii və texnogen fəlakətlərdən müdafiəsi üzrə layihələndirmə və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;

8.8. təbii və texnogen qəzalar zamanı Nazirliyin digər struktur bölmələri ilə birlikdə zərər çəkmiş ərazilərdə, bina və qurğularda həyat təminatının təcili bərpasında iştirak etmək;

8.9. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin, binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək;

8.10. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə, bina və qurğularda bərpa və yenidənqurma işlərini təşkil etmək və bu işlərlə bağlı sifarişçi funksiyalarını yerinə yetirmək;

8.11. tikinti sahəsinə aid olan məsələlərlə bağlı fəaliyyət növlərinə qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada xüsusi razılıq (lisenziya), xüsusi icazə və digər hüquqmüəyyənedici sənədlərin verilməsi barədə Nazirliyə rəy vermək;

8.12. şəhərlərin və rayon mərkəzlərinin Baş planlarının və müfəssəl planlaşdırma layihələrinin, ərazilərin məskunlaşma və inkişaf sxemlərinin işlənib hazırlanmasında öz səlahiyyətləri daxilində iştirak etmək, bu sənədlərin təhlükəsizlik normalarına uyğun olması barədə rəy vermək;

8.13. ölkə ərazisində şəhərsalmanın, məskunlaşmanın həyata keçirilməsi, sosial təyinatlı və infrastruktur obyektlərinin tikintisinin yerinə yetirilməsi zamanı tikintidə təhlükəsizliyin təmin olunması ilə bağlı müvafiq norma və qaydalara, baş planlara və müfəssəl planlaşdırma layihələrinə, ərazilərinin məskunlaşma və inkişaf sxemlərinə bütün dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;

8.14. şəhərsalmanın, məskunlaşmanın həyata keçirilməsini, sosial və infrastruktur obyektlərinin tikintisini tənzimləyən norma və qaydaların təhlükəsizlik baxımından təkmilləşdirilməsini işləyib hazırlamaq və onlara əməl olunmasına nəzarət etmək;

8.15. şəhərlərin və rayonların tarixi və mərkəzi hissələrində tikintisi planlaşdırılan obyektlərin təhlükəsizlik baxımından mümkünlüyü və məqsədəuyğunluğu haqqında rəy vermək;

8.16. tikinti obyektləri üçün aparılmış topoqrafiya və geodeziya, mühəndis-geoloji işlərini təhlil edərək, onların tikintinin təhlükəsizliyi ilə bağlı müvafiq norma və qaydalara uyğun olub-olmaması barədə rəy vermək;

8.17. torpaq sahələrinin tikinti məqsədi üçün ayrılması mərhələsində həmin sahələrin ayrılmasının seysmik davamlılıq baxımından mümkünlüyünə rəy vermək;

8.18. tikinti obyektləri üçün topoqrafiya və geodeziya, mühəndis-geoloji işlərin yerinə yetirilməsi metodikasının tikintinin təhlükəsizliyi məqsədi ilə təkmilləşdirilməsi üçün təşkilati tədbirlərin hazırlanmasını, həyata keçirilməsini təmin etmək və ona əməl olunmasına nəzarət etmək;

8.19. tikinti sahəsində dövlət ekspertizasını təşkil etmək və aşağıdakı məsələlərlə bağlı rəy vermək:

8.19.1. dövlət ekspertizasına təqdim olunan sənədlərin müvafiq qaydalara uyğun olaraq tam həcmdə olması və müəyyən olunmuş tələblərə uyğun işlənməsi barədə;

8.19.2. şəhərlərin və rayon mərkəzlərinin Baş planlarının, müfəssəl planlaşdırma layihələrinin, məskunlaşma və inkişaf sxemlərinin təhlükəsizlik baxımından şəhərsalma norma və qaydalarına uyğunluğu barədə;

8.19.3. tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərinin layihələrinin tikinti normalarına uyğunluğu, tikiləcək binaların, qurğuların və komplekslərin layihə həllərinin konstruktiv möhkəmlik və davamlılıq, seysmik dayanıqlıq, təhlükəsizlik tələblərinə cavab verməsi barədə;

8.19.4. öz səlahiyyətləri daxilində büdcə, büdcədənkənar vəsaitlər, dövlət zəmanətli kreditlər, qrantlar hesabına maliyyələşdirilən tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərinin texniki-iqtisadi hesablamaları, texniki-iqtisadi əsaslandırmaları və smetaları barədə;

8.19.5. obyektlərin konservasiyası və ləğvi ilə bağlı layihələrin təhlükəsizlik tələblərinə uyğun olması barədə;

8.20. tikinti sahəsində dövlət ekspertizası qaydalarının təkmilləşdirilməsi ilə bağlı tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

8.21. topoqrafik-geodezik, mühəndis-geoloji layihələndirmə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi, tikinti materialları və konstruksiyalarının, avadanlığın tətbiqinə aid normativ hüquqi və normativ-texniki sənədlərin təkmilləşdirilməsini təmin etmək və onların tələblərinə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün orqanlar və təşkilatlar tərəfindən əməl olunmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;

8.22. dövlət nəzarət sistemini tətbiq etmək üçün tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərində normativ hüquqi və normativ texniki aktların tələblərinə əməl olunması məqsədi ilə öz səlahiyyətləri daxilində aşağıdakı işləri yerinə yetirmək:

8.22.1. layihələri müəyyən olunmuş qaydada işlənilmiş, dövlət ekspertizasından keçirilmiş və təsdiq olunmuş obyektləri uçota almaq, tikinti norma və qaydalarında nəzərdə tutulmuş tələbləri yerinə yetirməklə tikinti-quraşdırma işlərinin başlanmasına nəzarət etmək;

8.22.2. hər bir mərhələdə yerinə yetirilən tikinti-quraşdırma işlərinin təsdiq olunmuş layihələrə, tikinti norma və qaydalarına uyğunluğuna nəzarət etmək;

8.22.3. tikintidə istifadə olunan tikinti materiallarının, konstruksiyalarının və avadanlıqlarının müvafiq sertifikatlarının olmasını, onların dövlət standartlarının tələblərinə cavab verməsini, müəyyən olunmuş qaydada istifadədən əvvəl sınaqdan və texniki təhlükəsizlik ekspertizasından keçirilməsini yoxlamaq;

8.22.4. tikintidə sifarişçi tərəfindən texniki nəzarətin, layihəçi tərəfindən müəllif nəzarətinin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin müəyyən olunmuş qaydalara uyğun olaraq aparılmasına nəzarət etmək;

8.22.5. tikinti və tikinti ətrafı ərazilərdə müəyyən olunmuş təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək;

8.23. tikinti norma və qaydalarını pozmaqla həyata keçirilən tikintilərdə, hüquqi və fiziki şəxslərə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.24. tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərində dövlət nəzarətinin, sifarişçilər tərəfindən texniki nəzarətin, layihəçilər tərəfindən müəllif nəzarətinin, podratçılar tərəfindən daxili əməliyyat nəzarətinin yerinə yetirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təklifləri işləyib hazırlamaq və Nazirliyə təqdim etmək;

8.25. tikintisi planlaşdırılan obyektlərin mümkünlüyünün və məqsədəuyğunluğunun müəyyən edilməsi məqsədi ilə yaradılan, ictimai əsaslarla fəaliyyət göstərən Ekspert Qrupunun tərkibi barədə Nazirliyə təkliflər vermək, bu Qrupun işini təşkil etmək;

8.26. ölkədə istehsal olunan və ölkəyə idxal edilən tikinti materiallarının və konstruksiyalarının, tikintidə istifadə olunan avadanlıqların (detalların), maşın və mexanizmlərin tikintidə təhlükəsizlik tələblərinə uyğun olması ilə bağlı sertifikatlaşdırılmasında öz səlahiyyətləri daxilində iştirak etmək;

8.27. tikinti, tikinti materialları və konstruksiyalarının və avadanlığın (detalların) istehsalı üzrə normativ-texniki sənədlərin təhlükəsizlik baxımından təkmilləşdirilməsi üzrə tədbirlər planı işləyib hazırlamaq və onun yerinə yetirilməsinə nəzarət etmək;

8.28. tikinti materialları və konstruksiyaları, tikintidə istifadə olunan avadanlıqların (detalların) sınağı üzrə laboratoriyaları akkreditasiyadan keçirmək;

8.29. tikinti materialları və konstruksiyalarının, tikintidə istifadə olunan avadanlıqların sınaq metodikalarının təkmilləşdirilməsi üçün nazirliyin müvafiq strukturları ilə birlikdə tədbirlər planı işləyib hazırlamaq və həyata keçirilməsinə nəzarət etmək;

8.30. büdcə, büdcədənkənar vəsaitlər, dövlət zəmanətli kreditlər, qrantlar hesabına tikilən obyektlərdə qiymətqoyma işlərini yerinə yetirmək;

8.31. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq tikinti, bərpa, yenidənqurma və əsaslı təmir obyektlərinin istismara qəbulunda iştirak etmək, obyektlərin təhlükəsizlik baxımından texniki inventarlaşmasını həyata keçirmək, bu obyektlərin istismara qəbulu qaydalarının təkmilləşdirilməsi üçün tədbirlər işləyib hazırlamaq;

8.32. tikinti, tikinti materialları və konstruksiyaları, tikintidə istifadə olunan avadanlıq, maşın və mexanizmlər üzrə elmi-tədqiqat və təcrübə-konstruktor işlərini aparmaq;

8.33. tikilməkdə olan və tikintisi başa çatmış obyektlər üzrə topoqrafik-geodezik, mühəndis-geoloji, layihə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə aid icra sənədlərinin vahid informasiya və arxiv sistemini yaratmaq;

8.34. istismar olunan yaşayış evlərində, binalarda, qurğularda uçma və dağılma təhlükəsi yaradan icazəsiz yenidənqurma və söküntü işlərinin aparılmasının qarşısının alınması üçün tədbirlər işləyib hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək;

8.35. istismar olunan yaşayış evlərinin, binaların və qurğuların, insanların kütləvi surətdə cəmləşdiyi və istifadə etdiyi tikintilərin, məskunlaşma ərazilərində yerləşən potensial təhlükə mənbəyi olan obyektlərin müvafiq norma və qaydalara uyğun olaraq tikilməsini və istismar olunmasını yoxlamaq, onların istismarının mümkünlüyü barədə rəy vermək və istismarının dayandırılması haqqında Nazirlik qarşısında məsələ qaldırmaq;

8.36. qanunsuz tikintilərin qarşısının alınması üzrə tədbirlər planı işləyib hazırlamaq və onun həyata keçirilməsinə nəzarət etmək;

8.37. tikinti fəaliyyətinin mərhələlərində, o cümlədən tikinti üçün torpaq sahələrinin ayrılması (tikintiyə icazə verilməsi), tikinti obyektlərinin memarlıq-planlaşdırma həllərinin və mühəndis təminatı üçün texniki şərtlərin müəyyənləşdirilməsi, topoqrafik-geodezik, mühəndis-geoloji, layihələndirmə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi və obyektlərin istismara qəbulu zamanı aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.38. mülki müdafiə qoşunlarının, axtarış-xilasetmə, qəza-xilasetmə və sair hissələrinin şəhərciklərinin tikintisi və inkişafı üzrə baş planlarını, tikinti layihələrini işləyib hazırlamaq;

8.39. fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə bağlı elmi tədqiqat və konstuktor-təcrübə işlərinin aparılmasında iştirak etmək;

8.40. dövlət büdcəsi və büdcədənkənar fondlar hesabına fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tikinti, təmir və bərpa işləri üçün podratçıların seçilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

8.41. fövqəladə hallar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.42. Agentliyin fəaliyyət dairəsinə aid məsələlər üzrə statistik uçotu Nazirliklə razılaşdırılmış qaydada təşkil etmək;

8.43. Agentliyin fəaliyyət sahələri üzrə peşə və kadr hazırlığı, kadrların əlavə təhsili üzrə proqram layihələri hazırlamaq, yerinə yetirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

8.44. Agentliyə ayrılan büdcə vəsaitlərindən, kreditlərdən, qrantlardan və qanunvericilikdə nəzərdə tutulan digər maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək;

8.45. Agentliyin strukturunun formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək;

8.46. Agentliyin aparatının, tabeliyində olan büdcədən maliyyələşdirilən struktur bölmələrinin kadr, maliyyə və təsərrüfat məsələlərinə aid fəaliyyətinin müvafiq normativ hüquqi aktların tələblərinə, Nazirliyin müvafiq təlimatlarına uyğun olmasına öz səlahiyyətləri daxilində nəzarət etmək;

8.47. Agentliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı şikayət və ərizələrə baxmaq, qanunvericiliyə və Nazirliyin müvafiq təlimatlarına uyğun tədbirlər görmək;

8.48. öz səlahiyyətləri daxilində fəaliyyəti ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin qanunvericiliyə və Nazirliyin müvafiq təlimatlarına uyğun olaraq qorunmasını təmin etmək;

8.49. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Agentliyin hüquqları

9. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. tikintidə təhlükəsizliyin təmin edilməsi sahəsində normativ hüquqi aktların layihələrini hazırlamaq və (və ya) onların hazırlanmasında iştirak etmək;

9.2. dövlət ekspertizasına təqdim edilmiş şəhərsalma, layihəqabağı, layihə-smeta sənədləri tam həcmdə olmadıqda və tələb olunan qaydada işlənilmədikdə, bu sənədlərdə aşkarlanmış pozuntuların aradan qaldırılması barədə tələbləri göstərməklə mənfi rəy vermək;

9.3. dövlət ekspertizasının keçirilməsi üçün təqdim olunmuş sənədlərin tikinti, layihələndirmə norma və qaydalarına uyğun olduğu müəyyənləşdirildikdən və ya onlarda ekspertiza zamanı aşkarlanmış pozuntular aradan qaldırıldıqdan sonra bu sənədlərə dair müsbət rəy vermək;

9.4. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tikinti-bərpa işləri sahəsində üzərinə düşən vəzifələri yerinə yetirməyən dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinə qarşı müvafiq tədbirlər görülməsi barədə Nazirlik qarşısında məsələ qaldırmaq;

9.5. topoqrafik-geodezik, mühəndis-geoloji, layihələndirmə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarına əməl olunmadıqda, istismar olunan binalarda və qurğularda icazəsiz yenidənqurma və söküntü işləri aparıldıqda, bu pozuntulara yol vermiş bütün hüquqi və fiziki şəxslərə qarşı öz səlahiyyətləri daxilində qanunvericiliklə nəzərdə tutulan müvafiq tədbirləri həyata keçirmək;

9.6. tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydalarının pozulması hallarında, bu tikintilərin dayandırılması və pozuntuların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri həyata keçirmək;

9.7. istismar olunan bina və qurğuların, insanların kütləvi toplaşdığı və istifadə etdiyi məskunlaşma ərazilərində yerləşən obyektlərin potensial təhlükə mənbəyi olması müəyyənləşdirildikdə, müvafiq tədbirlərin görülməsi barədə Nazirlik qarşısında məsələ qaldırmaq;

9.8. öz səlahiyyətləri daxilində qanunsuz tikililəri dayandırmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər həyata keçirmək;

9.9. tikinti, yenidənqurma və əsaslı təmir obyektlərinin istismara qəbul qaydalarının pozulması və ya belə obyektlərin müəyyən olunmuş qaydada istismara qəbul olunmadan istismar edilməsi hallarında, bu pozuntulara yol vermiş şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi barədə Nazirlik qarşısında məsələ qaldırmaq;

9.10. ölkədə istehsal olunan və ölkəyə idxal olunan tikinti materiallarının və konstruksiyalarının, tikintidə istifadə olunan avadanlığın, maşın və mexanizmlərin keyfiyyəti və xarakteristikası barədə rəy vermək, təhlükəsizlik tələblərinə cavab vermədiyi hallarda onların istehsalı və ya idxalı ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülməsi barədə Nazirliyə təkliflər vermək;

9.11. tabeliyində olan təşkilatlar tərəfindən yerinə yetirilən xidmətlərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və miqdarda ödənişlər tətbiq etmək, əldə olunmuş vəsaitlər hesabına Nazirliyin büdcədənkənar fondunun yaradılmasında iştirak etmək;

9.12. Agentliyin səlahiyyətlərinə aid olan məsələlər barədə məlumatları və sənədləri əldə etmək üçün yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.13. Agentliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək;

9.14. Agentliyin fəaliyyətinə aid aktual məsələləri müzakirə etmək üçün nümayəndəlik əsasında idarələrarası əlaqələndirmə və məşvərət orqanları yaratmaq və zəruri hallarda mütəxəssisləri və ekspertləri cəlb etmək;

9.15. sərəncamında olan büdcə vəsaitlərini müəyyən olunmuş qaydada idarə etmək;

9.16. Agentliyin işçilərinin, onların ailə üzvlərinin sağlamlığının qorunması ilə bağlı kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək;

9.17. qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq hakimiyyət orqanları (qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;

9.18. kadrların hazırlanması və əlavə təhsili ilə bağlı Nazirliyin proqramlarının həyata keçirilməsində iştirak etmək;

9.19. qanunvericiliklə müəyyən olunmuş və Nazirliklə razılaşdırılmış qaydada qəzet, jurnal, bülleten buraxmaq, nəşriyyat işini həyata keçirmək, Nazirliyin internet saytının Agentliyə aid bölməsinin işində iştirak etmək;

9.20. Agentliyin fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək.

V . Agentliyin fəaliyyətinin təşkili

10. Agentliyin aparatı və tabeliyində olan təşkilatlar Agentliyin vahid sistemini təşkil edir.

11. Agentliyin aparatının, eləcə də bu Əsasnamənin 1-ci bəndində göstərilən tədbirləri öz səlahiyyətləri daxilində həyata keçirən büdcədən maliyyələşdirilən Baş Dövlət Tikinti Müfəttişliyinin və Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdiriyyətinin dövlət qulluqçusu olan işçilərinin maddi təminatı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Agentliyin tabeliyində olan büdcədən maliyyələşdirilən digər struktur bölmələrin aparatının dövlət qulluqçusu olmayan işçilərinin vəzifə maaşları qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

12. Agentliyin strukturu və ştat cədvəli, Nazirliyin büdcədən maliyyələşdirilən işçilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən say həddi daxilində büdcədən maliyyələşdirilən işçilərinin sayı, xərclər smetası, büdcədənkənar vəsaitlər üzrə gəlirlər və xərclər smetası qanunvericiliklə müəyyən edilmiş qaydada Nazirlik tərəfindən təsdiq edilir.

13. Agentliyin aparatının və strukturuna daxil olan bölmələrin işçiləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

14. Agentliyin fəaliyyətinə Agentliyin rəisi (bundan sonra — rəis) rəhbərlik edir. Rəis Azərbaycan Respublikası fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

15. Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə rəis şəxsən məsuliyyət daşıyır.

16. Rəisin Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

17. Rəis aşağıdakı səlahiyyətlərə malikdir:

17.1. Agentliyin fəaliyyətini təşkil edir və onun maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;

17.2. müavinlərinin səlahiyyətlərini müəyyən edir və onların icra olunmasına nəzarət edir;

17.3. Agentliyin səlahiyyətlərinə aid edilən məsələlər üzrə növbəti il üçün Nazirliyin saxlanılması xərclərinin formalaşdırılması ilə bağlı təkliflər verir, fəaliyyəti ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş mənbələr hesabına Nazirliyin büdcədənkənar vəsaitlərin yaradılmasında iştirak edir və Nazirliyin təsdiq etdiyi gəlirlər və xərclər smetasına uyğun olaraq, həmin vəsaitlərdən təyinatı üzrə istifadə olunmasını təmin edir;

17.4. Agentliyin tabeliyində olan struktur bölmələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi haqqında Nazirliyə təkliflər verir;

17.5. Agentliyin fəaliyyət sahəsinə aid olan məsələlərlə bağlı normativ hüquqi aktların layihələrini müvafiq qaydada Nazirliyə təqdim edir;

17.6. Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan əmr və göstərişlərini öz səlahiyyətləri daxilində ləğv edir;

17.7. qanunvericiliklə nəzərdə tutulan inzibati xətalara dair protokol, akt və digər sənədləri tərtib etməyə səlahiyyəti olan vəzifəli şəxslər barədə Nazirliyə təkliflər verir;

17.8. Agentliyin aparatının və tabeliyində olan qurumların əməkdaşlarının həvəsləndirilməsi və ya intizam məsuliyyətinə cəlb edilməsi barədə Nazirliyə təqdimat verir;

17.9. öz səlahiyyətləri daxilində Agentliyin aparatının və tabeliyində olan təşkilatların fəaliyyətinə dair əmrlər və göstərişlər verir, onların icrasına nəzarət edir;

17.10. Agentliyin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirliyə təkliflər verir;

17.11. Agentliyin tabeliyində olan büdcədən maliyyələşdirilən struktur bölmələrin əsasnamələrinin (və ya tabeliyində özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək qurumların nizamnamələrinin) layihələrini hazırlamaq və təsdiq olunmaq üçün müvafiq qaydada Nazirliyə təqdim etmək;

17.12. Agentliyin bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsini təmin edir;

17.13. Agentliyə dövlət büdcəsindən ayrılmış və qanunvericiliyə zidd olmayan digər mənbələrdən əldə olunmuş maliyyə vəsaitlərini öz səlahiyyətləri daxilində idarə edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, əməkdaşlarının vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş məbləğdə əlavələr, maddi yardım və mükafatlar verilməsi barədə Nazirlik qarşısında məsələ qaldırır;

17.14. Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;

17.15. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsini təmin edir və digər səlahiyyətlərə malikdir;

18. Agentlikdə rəisdən, onun müavinlərindən, Agentliyin aparatının və tabeliyində olan təşkilatlarının rəhbərlərindən ibarət ictimai əsaslarla fəaliyyət göstərən Şura yaradılır.

19. Şuranın üzvlərinin sayı və tərkibi, təşkili və fəaliyyət qaydaları Agentliyin təqdimatı əsasında Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən müəyyən edilir.