Haqqında

“AZƏRDÖVLƏTLAYİHƏ” Dövlət Baş Layİhə İnstİtutu

“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu yaşayış və mülki binaların layihələndirilməsi, respublikanın şəhərləri və yaşayış məntəqələrində layihə-planlaşdırma işləri, normativ materiallar, birtipli layihələndirmə və axtarış işləri həyata keçirir.

1930-cu ildə yaradılmış institut Bakı şəhərində yerləşir və hazırda onun əməkdaşlarının sayı 345 nəfər təşkil edir. İnstitutun Gəncə şəhərində filial fəaliyyət göstərir.

İnstitut aşağıdakı sahələrdə layihə-axtarış fəaliyyəti həyata keçirir:

  • yerli və xarici materiallardan, o cümlədən, seysmik rayonlar üçün müxtəlif konstruksiya və mərtəbəliliyə malik yaşayış və ictimai bina və qurğuların layihə-smeta sənədlərinin hazırlanması;
  • bina və qurğular üçün müxtəlif növ kommunikasiya şəbəkələri layihələrinin işlənib hazırlanması;
  • müxtəlif mərtəbə və təyinatlı bina və qurğular üçün bütün növ mühəndis hesablamalarının yerinə yetirilməsi;
  • şəhərlərin baş planlarının hazırlanması, yaşayış məntəqələrinin perspektiv planlaşdırılması, nəqliyyat sxemləri və kommunikasiya şəbəkələri layihələrinin işlənib hazırlanması;
  • Topoqrafik – geodeziya və mühəndis-geoloji axtarış işlərinin yerinə yetirilməsi;
  • bina və qurğuların texniki vəziyyətinin mühəndis müayinəsi;

“Azərdövlətlayihə” tərəfindən yerinə yetirilmiş çoxsaylı layihə işləri arasında ən mühüm obyektlər aşağıdakılardır:

  • Azərbaycanın əksər şəhər, qəsəbə və rayon mərkəzlərinin, o cümlədən, Gəncə, Sumqayıt, Əli-Bayramlı, Lənkəran, Şəki, Xankəndi kimi iri şəhərlərinin baş planlarının tərtib edilməsi.
  • 22, 30, 33 və 44 siniflik məktəblər və 140, 280 və 330 yerlik uşaq bağçası və körpələr evlərinin birtipli layihələri.
  • Bir sıra inzibati binalar, o cümlədən, Prezident aparatının binası, Respublika Milli Məclisinin (Parlamentinin) binası, Dövlət Təhlükəsizlik Xidməti binası və bir çox şəhər və rayon mərkəzlərində icra hakimiyyətinin inzibati binaları.
  • Azərbaycanın bir çox şəhərlərində mehmanxana binaları, o cümlədən, “Azərbaycan”, “Gəncə”, “Təbriz” iri mehmanxana kompleksləri, eləcə də, Rusiya Federasiyası Vladikavkaz şəhərində “Vladikavkaz” mehmanxanası.
  • İdman və mədəniyyət binaları, o cümlədən, Bakıda 10 min tamaşaçı üçün nəzərdə tutulmuş İdman Sarayı, Respublikanın müxtəlif şəhərlərində klublar, kinoteatrlar və kitabxanalar.
  • Muzey, məscid və ibadət binaları, memoriallar və abidələr.
  • Azərbaycan Tibb Universitetinin tədris-terapevtik və tədris-cərrahiyyə korpusları.
  • Azərbaycan Milli Məclisinin (Parlamentinin) yeni İnzibati binası.
  • İqtisad Universitetinin Dərbənd filialının binası.
  • Zabrat qəsəbəsində 2500 nəfərlik xüsusi obyekt.
  • Milli Təhlükəsizlik Nazirliyinin “Qanlı-təpə” ərazisində hərbi şəhərcik.
  • Şəki şəhərində xalq şairi B.Vahabzadə adına park.
  • Yevlax şəhərində 602 ailəlik və Mingəçevirdə 520 ailəlik yaşayış kompleksləri.
  • Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolun kənarında “MİDA” MMC –nin yaşayış kompleksi
  • Bakı şəhərində “Akademiya Park” yaşayış kompleksi.
  • Sumqayıt şəhərində Pestisid zavodu.
  • Respublika Toxumçuluq Laboratoriyası.
  • Qəbələ şəhərində Futbol Akademiyası.
  • Tərəvəzçilik Elmi Tədqiqat institutu üçün laboratoriya binası.
  • DSX Akademiyasının yeni tədris korpusu.
  • Bakı şəhəri Binəqədi rayonu Mədən küçəsində 4 mərtəbəli tam orta məktəb.
  • Sumqayıt şəhərində yunəyirici fabrik binası

Layihə institutu beynəlxalq əlaqələrini genişləndirir, xarici tikinti şirkətləri ilə fəal əməkdaşlıq edir. “Azərdövlətlayihə” DBLİ və Cənubi Koreyanın “Heerim” firması, Fransanın “Inter Art Etudes” firması, Türkiyənin “DİA Holding” firması arasında Bakıda çoxmərtəbəli yaşayış və ofis binaları kompleksi və otellərin tikintisində texniki və təşkilati dəstək haqqında müqavilələr bağlanmışdır.

Hal-hazırda “Azərdövlətlayihə” institutunun yüksək ixtisaslı və yaradıcı kollektivi Respublikanın tikinti kompleksinin layihə-axtarış sahəsində ənənəvi aparıcı mövqe tutmaqda davam edir.